Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov övladlarının xaricdə əmlak alması ilə bağlı yayılan məlumatlara görə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.
Eləcə də bax: Prezident yol tikintisinə pul ayırdı - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib. «XİN-in rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişdim. Lakin, son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib»-deyən XİN rəsmisi bildirib ki, vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur: «Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar».
Nazirlik nümayəndəsi bildirib ki, Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.
Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik», - deyə qurum rəsmisi vurğulayıb.
Qeyd edək ki, söhbət Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlunun Nyu- Yorkda bahalı mənzil alması barədə yayılan məlumatlardan gedir. Müstəqil jurnalist Cavanşir Həsənli yazıb ki, nazirin böyük oğlu Emin Məmmədyarov Nyu-Yorkda, Manhettendə ümumi dəyəri 4,2 milyon dollar olan 2 mənzil alıb. Nyu-York Vegri Departamentindən bildirilib ki, mənzillər Riversayd bulvarı, “Tramp-Pleys”dəki binalarda yerləşir. 2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.
Nazirlik Məmmədyarovun oğlunun Nyu-Yorkda mənzillər alması ilə bağlı yayılan məlumatlara münasibət bildirərək onu «nazirin şəxsi məsələsi» hesab edib. «Xarici İşlər nazirinin və ya nazirliyin əməkdaşlarının şəxsi məsələləri nazirlik tərəfindən şərh olunmur. Bir kəlmə ilə bildirdim. Xarici İşlər nazirinin şəxsi həyatıdır, bunu şərh etmirəm». Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil, bu barədə açıqlama verilməyib.