Bu gün avqustun 31-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulan məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.
FED.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda iki məsələ müzakirə edilib:
- əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsi və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması;
-regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyası üzrə təkliflər.
Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ərzində əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.
Gündəlikdə duran məsələlərə dair əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzəsi dinlənilib.
Sonra hər iki məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb.
Əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsı və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması ilə bağlı müzakirələr olub.
Həmçinin regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyasına dair təkliflər nəzərə alınmaqla, əmək bazarının mövcud vəziyyətinin regionlar üzrə təhlil edilməsi, hər bir region üzrə əmək resurslarının balansının tərtib olunması, ərazi məşğulluq proqramlarının hazırlanması, regionlarda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, səyyar əmək yarmarkalarının təşkil edilməsi qərara alınıb.
İclasa yekun vuran Baş nazir Novruz Məmmədov ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün sosial sahənin prioritet mahiyyətini diqqətə çatdıraraq, sosialyönümlü məsələlərin həlli zamanı qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması və iclasda müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verib.
Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib
20:43
31 Avq 2018