Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov avqustun 30-da Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin nümayəndələrini qəbul edib.
ELƏCƏ DƏ BAX : Nazirlər Kabinetində Gömrük Komitəsi ilə bağlı - İCLAS KEÇİRİLİB
Səmimi qəbula görə Baş Nazirə minnətdarlığını bildirən “ACWA POWER” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan bildirib ki, bu ilin mart ayının 17-də Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Anlaşma Memorandumu Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir. Mohammad Abunayyan, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirən “ACWA POWER” şirkətinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Baş Nazir Novruz Məmmədov görüşdə dost və tərəfdaş ölkələr kimi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib, bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.” Baş Nazir vurğulayıb ki, Alternativ enerji ölkəmiz üçün prioritet istiqamətlərdən biridir. Azərbaycan, zəngin bərpaolunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək, elektrik enerjisi istehsalı sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq etməkdə maraqlıdır.