Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Azərbaycanda prezident seçkisi günü - İŞ OLMAYACAQ
FED.az xəbər verir ki, prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir.
Digər mühüm amil ondan ibarətdir ki, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarda yaradılan qondarma, heç kim, hətta Ermənistan tərəfindən tanınmayan separatçı qurumun mövcudluğuna son qoyulub.
Üçüncüsü, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbitidir.