Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri və burad daxil olan qurumların sayı xeyli artırılıb. FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərmanda nəzərdə tutulub.
Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə çevrilib, onun Nizamnaməsi təsdiq edilib, səlahiyyətləri dəqiqləşdirilib, eləcə də dövlət büdcəsi hesabına agentliyin ilkin nizamnamə fondu müəyyən edilib – 1 milyon manat.
Bundan sonra Agentliyin fəaliyyətinə İdarə Heyəti rəhbərlik edəcək. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərini prezident təyin edəcək.
Fərmana əsasən bir sıra müəssisələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından çıxarılaraq Bakı Nəqliyyat Agentliyinin balansına verilib.
Bundan başqa, Bakı şəhər icra hakimiyyəti və Daxili İşlər Nazirliyinin də bəzt səlahiyyətləri və idarə etdiyi sistemlər yeni agentliyə verilib.
Belə ki, fərmana əsasən, Bakı şəhərində DİN-in idarəetməsində olan svetoforlar üç ay müddətində Agentliyə təhvil veriləcək.
Preziden DİN-ə tapşırıb ki, hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 (üç) iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Agentliyə məlumat versin.
Bakı Şəhər İcra Hakimiyyəti isə Bakı şəhərində sərnişin avtobusları üçün dayanacaqların parklanma yerlərinin və taksilər üçün duracaq yerlərini 2 ay müddətində Agentliyin idarəetməsinə verməlidir. Bundan sonra isə icra hakimiyyətinin nəzdində həmin fəaliyyəti tənzimləyən analoji qurumlar (struktur bölmələri, ştatlar) ləğv edilməlidir.
Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, şəhərin ərazisində yollarda aparılacaq istənilən təmir işləri haqqında, işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat versinlər.
Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 nəqliyyat mübadilə mərkəzinin yaradılması məqsədilə torpaq sahələrinin ayırsın və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi üçün zəruri tədbirlər görsün.
Bundan başqa, Nazirlər Kabineti tikililərdə nəqliyyat vasitələrinin saxlanması üçün parklanma yerləri, qarajlar və açıq dayanacaqlar tələb olunan tikinti obyektlərinin növləri, habelə həmin tikinti obyektlərinin parklanma yerləri, normativlərlə bağlı hüquqi aktların layihələrini Agentliyin təklifləri əsasında altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Agentliyin özünə isə tapşırılıb ki, Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün.
Bundan başqa, BNA Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş edəcək və nəticəsi barədə 6 ay müddətində dövlət başçısına məlumat verəcək.
Agentlik avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq etsin və müvafiq işlər görülməsini təşkil etməlidir.
Bundan başqa, yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırmaq üçün zəruri tədbirlər görməlidir.
Nəhayət, BNA Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formalarını və miqdarını, Prezidentlə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir.