Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Qərarına əsasən, qeyd edilən tibbi-sosial ekspertizanın aparılması məsələlərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həlli məqsədilə komissiya yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, Qərara əsasən, komissiyaya Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri sədrlik edəcək.
Komissiyanın tərkibinə Azərbaycan Respublikası müdafiə, səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxil edilib.
Komissiya 2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini təmin edəcək. Həmçinin komissiya əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edəcək və əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini aparacaq.
Komissiyaya əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi, onların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsi də tapşırılıb. Qeyd edilən tədbirlərin birgə həyata keçirilməsi üçün Qərarla komissiyadakı dövlət orqanlarının nümayəndələrindən, mütəxəssislərdən, o cümlədən ekspertlərdən ibarət işçi qrupları da yaradılacaq.
Nazirlər Kabinetinin bu gün qəbul etdiyi digər qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə də komissiya yaradılıb.