“Karantin rejimindən çıxmağımız mövcud vəziyyətin, epidemioloji situasiyanın həkimlərimiz tərəfindən qiymətləndirilməsindən və yekun rəyindən asılı olacaq”.
Eləcə də bax: “Mayın 4-dən sonra karantindən çıxış mərhələsi başlayır”
FED.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
İ.Məmmədov qeyd edib ki, qiymətləndirmə zamanı yalnız ölkədaxili deyil, dünya və qonşu ölkələrdəki vəziyyət də nəzərə alınacaq:
“Bununla belə, bu həftədən başlayaraq, karantin rejimindən hansı mərhələlərlə çıxmaq planı hazırlanır. Plan təsdiq oluna da bilər, olunmaya da bilər. Hər şey mayın 4-dək gedişatdan, xəstəliyin dinamikasından asılı olacaq. Pozitiv tendensiya var, amma vəziyyət bu şəkildə davam edərsə, karantin rejimindən mərhələli çıxışa keçiləcək”.
Hökumət rəsmisi bir daha vətəndaşları karantin rejiminə əməl etməyə çağırıb:
“Plan hər şeyin müsbətə doğru gedəcəyilə bağlı hazırlanır. Yəni hər şey yaxşı olarsa, yoluxma sayındakı dinamika azalmağa doğru davam edərsə, o zaman karantindən mərhələli şəkildə çıxa bilərik. Mərhələli çıxış planı məhz həmin situasiyaya hazır olmaq üçün hazırlanır. Amma hər şey mayın 4-nə kimi vəziyyətin necə dəyişəcəyindən asılı olcaq. Əgər biz karantindən çıxmaq istəyiriksə, qoyulan qadağalara sonuna kimi əməl etməliyik. Əməl etməliyik ki, pozitiv tendensiya davam etsin”.