Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası”nı təsdiq edib.
FED.az-ın məlumatına görə, bu Qayda Azərbaycan Respublikasında dövlət mülkiyyə tində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi qaydasını müəyyən edir.
Tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi elmi tədqiqat işlərinin aparılması məqsədilə tədqiqat infrastrukturunun qabaqcıl texnoloji avadanlıqlarından istifadəyə razılıq verilməsi və müqavilə əsasında həmin avadanlıqlardan tədqiqatçıların istifadəsini nəzərdə tutur. Tədqiqat infrastrukturu ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinə daxil edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar, tədqiqatçı elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən və elmi tədqiqat layihələrində iştirak edən ali təhsilli şəxsdir.
Tədqiqat infrastrukturunun avadanlığından istifadə etmək istəyən tədqiqatçılar bu məqsədlə tədqiqat infrastrukturunun reyestrinin yerləşdiyi elektron portalda “Tədqiqatçının elektron şəxsi kabineti” vasitəsilə qeydiyyatdan keçdikdən sonra elektron ərizə ilə müraciət edirlər. Elektron ərizəyə tədqiqat infrastrukturunun rəhbəri tərəfindən 5 iş günü müddətində baxılır. Tədqiqat infrastrukturunun avadanlığından istifadə mümkün hesab edildikdə, tədqiqatçının həmin avadanlıqdan istifadə- sinə razılıq verilməsi və bu avadanlıqdan istifadə ilə bağlı xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanılması barədə qərar qəbul edilir. Tədqiqat infrastrukturunun avadanlığından istifadə mümkün hesab edilmədikdə, avadanlıqdan istifadəyə razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış imtina qərarı qəbul edilir. İmtina qərarı aşağıdakı hallarda qəbul edilir:
- həyata keçiriləcək elmi tədqiqat layihəsinin avadanlığın texniki sənədlərində göstərilən elm sahəsinə, təyinatına, texniki və texnoloji göstəricilərinə uyğun olmaması səbəbindən avadanlıqda həmin elmi tədqiqat layihəsinin icrası mümkün hesab edilmədikdə;
- avadanlıq ərizədə göstərilən istifadə müddətində digər tədqiqatçının istifadəsində olduqda;
- müraciətin daxil olduğu vaxt avadanlıq qeyri-işlək vəziyyətdə və ya təmirdə olduqda;
- fors-major halları səbəbindən avadanlığın istifadəyə verilməsi ilə bağlı xidmətlərin göstərilməsi mümkün olmadıqda. Müraciətə baxılması ilə bağlı qərar “Tədqiqatçının elektron şəxsi kabineti” vasitəsilə tədqiqatçıya çatdırılır.
İmtina qərarı ilə razı olmayan tədqiqatçı həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.