Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.
FED.az xəbər verir ki, qurumun Mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər aprelin 25-dən mayın 25-dək Naxçıvan DİM-in internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər imtahanda iştirak üçün Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən məbləği (70 AZN) “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər.
Digər halda həmin məbləğ DİM-in "Naxçıvanbank" ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00 -dan 17:30-dək DİM-ə təqdim edilməlidir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər DİM-ə gəlməklə müraciət edə bilərlər.