Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.
FED.az xəbər verir ki, toplantıda təşkilati məsələlərə baxılıb.
Eləcə də bax: Naxçıvan Ali Məclisinə - YENİ SƏDR SEÇİLƏCƏK
Sessiyanın gündəliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələlər olub.
Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib.
Qeyd edək ki, Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.
1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib. Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.
Vasif Talıbov Dünya Azərbaycanlılarının 1-ci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilib. Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və “Naxçıvan abidələri” ensiklopediyasının redaksiya heyətinin sədridir. Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.
Prezident İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Report