Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.
FED.az xəbər verir ki, Ali Məclisin növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatı olan Ramiz Məmmədov aparıb.
Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.
İclasa sədrlik edən deputat Ramiz Məmmədov bildirib ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclis sədrinin müavinləri Ali Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir.
Nizamnaməyə uyğun olaraq Ali Məclis sədrinin müavini vəzifəsinə namizədliyi, ilk növbədə, Ali Məclisin sədri, sonra isə Ali Məclisin deputatları irəli sürə bilərlər.
Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.
Deputatlar təkliflər irəli sürüb.
Səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Abdullayev Arzu Kamal oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.
Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.