“Toyuq əti məhsullarının istehsalında yeni standartlara keçid Azərbaycanın Avropaya məhsul ixracına imkan verəcək”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.
Onun sözlərinə görə, hazırda Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İran, eləcə də Rusiyaya süfrə və damazlıq yumurta ixrac edilir. Cari ilin ilk yarımilində Azərbaycan 100 milyon ədədə yaxın yumurta ixrac edib. Yaxın gələcəkdə isə bu ölkələrə və Çinə ət ixracına başlanıla bilər. Hazırda bununla bağlı sənədləşdirmə işləri aparılır.
M.Həsənli qeyd edib ki, indiyədək quş əti istehsalında sovet dövründən qalma standartlar tətbiq edilirdi. Yeni standartların olmaması bəzi problemlərin yaranmasına səbəb olurdu. Lakin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” yeni dövlət standartının qəbulu toyuq bazarının inkişafına çox müsbət təsir göstərəcək: “İstehsalın keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilən standartlar texniki baxımdan tələbatı tam ödəyir. Daşınma və saxlama ilə əlaqədar bütün standartlar qəbul edilib və meydana çıxan bütün çatışmazlıqlar aradan qalxıb. Milli standartlar hazırlanarkən Avropa standartları nümunə kimi götürülüb və sonda yüksək səviyyəli standartlar qəbul olunub” (Vergilər.az).