Baş nazir Əli əsədov 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə sərəncam imzalayıb.
Eləcə də bax: Ziyanla bağlı hər bir ailəyə 8500 manatadək yardım ödəniləcək - SƏRƏNCAM
FED.az xəbər verir ki, sərəncama əsasən, Maliyyə Nazirliyinə aşağıdakı məsələlər tapşırılıb:
1.1. “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin;
1.2. bu Sərəncamın 1.1-ci bəndində göstərilən vəsaitin 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manatının Gəncə Şəhər İcra Hakimiyyətinin, 67 000 (altmış yeddi min) manatının Mingəçevir Şəhər İcra Hakimiyyətinin, 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatının Ağdam Rayon İcra Hakimiyyətinin, 586 000 (beş yüz səksən altı min) manatının Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233 000 (iki yüz otuz üç min) manatının Bərdə Rayon İcra Hakimiyyətinin, 124 000 (bir yüz iyirmi dörd min) manatının Beyləqan Rayon İcra Hakimiyyətinin, 41 000 (qırx bir min) manatının Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4 000 (dörd min) manatının Naftalan Rayon İcra Hakimiyyətinin, 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatının Tərtər Rayon İcra Hakimiyyətinin, 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manatının Füzuli Rayon İcra Hakimiyyətinin və 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manatının Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsinlər.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.