“Sahibkarların yaralı yeri olan Azərbaycan Vergi Məcəlləsinin 166-cı maddəsinə dəyişikliklər ediləcək”. FED.az mks.az-a istinadən xəbər verir ki, bunu “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.
Onun sözlərinə görə, artıq bu maddəyə müəyyən dəyişikliklər edilməsi istiqamətində iş aparılır: “Bununla bağlı müəyyən təkliflər hazırlanıb". Qeyd edək ki, Vergi Məcəlləsinin 166-cı maddəsi əlavə dəyər vergisindən vergi tutulan əməliyyatların vaxtını nəzərdə tutur.
Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, Vergi Məcəlləsinin 166-ci maddəsini diqqətinizə çatdırırıq:
Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt
166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı beş gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır:
166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud;
166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.
166.2. Ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.
166.3. Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır.
166.4. Bu Məcəllənin 159.3-cü və 159.5-ci maddələri tətbiq edildikdə, vergi tutulan əməliyyatın aparılması vaxtı mallardan, işlərdən və ya xidmətlərdən istifadə edilməsinə, yaxud onların istehlakına başlandığı vaxt sayılır. Bu Məcəllənin 159.4-cü maddəsində göstərilən hallarda vergi tutulan əməliyyatın aparılması vaxtı işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt sayılır. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır.
Mənbə: mks.az