Müdafiə Nazirliyi brifinq keçirib.
FED.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov brifinqdə bildirib ki, sentyabrın 12-dən etibarən erməni diversantlar boşluqlardan sızaraq Azərbaycan ərazisində minalama işləri aparıblar:
"Artileriya və minaatanlardan Azərbaycan ərazisini atəşə tutublar. Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan ordusunun gördüyü adekvat tədbirlər nəticəsində Ermənistan tərəfi canlı qüvv və texnika baxımından böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Qarşı tərəf sentyabrın 13-ü əldə edilən atəşkəs razılaşmasına əməl etməyib.
Ötən gün və gecə saatlarında Kəlbəcər və Laçın rayonlarında xidmət edən hərbi qulluqçularımız və mülki işçilərə təhdid göstərilib. Daşkəsən, Kəlbəcər və Laçında yerləşən bölmələrimiz atəşə tutulub. Hazırda vəziyyət gərgin olaraq qalır. Ermənistan KTMT təşkilatını da öz çirkin əməllərinə qatmaq istəyir. Azərbaycan tərəfi yalnız düşmənin hərbi obyektlərini hədəfə alır".
***
Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir.
FED.az xəbər verir ki, brifinq AzTV-də canlı yayımlanır.
Brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov danışır.
O, Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verir.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.