Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir seçki dairəsindən namizəd Rəşad Qəribovun müraciətinə baxılıb.
Eləcə də bax: Daha 11 məntəqənin nəticələri - LƏĞV EDİLDİ
FED.az “Report”a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, deputatlığa namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, 7, 18, 33 saylı seçki məntəqələrində ciddi qanun pozuntuları aşkarlanıb. Ümumilikdə isə 5 məntəqədə pozuntular aşkar olunub. Bunlardan ikisi təqdim edilən 2 protokol əsasında müəyyən edilib. Ona görə də araşdırma ilə əlaqədar olaraq 5 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
İclasda həmin dairənin 5 seçki (7, 18, 20, 27 və 33 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qərar qəbul edilib.