Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
***
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Müdafiə Nazirliyindən FED.az-a verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.
***
08.40 Atəşkəsin pozulduğu Ağdam kəndindən video.
Məlum olduğu kimi, ötən gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar.
FED.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gecə yaydığı rəsmi məlumata əsasən, Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.
Real TV bu gün səhər saatlarında təxribatın törədildiyi Ağdam kəndində olub, canlı bağlantı həyata keçirib. Məlum olub ki, həmin ərazidə düşmən tərəfin açdığı artilleriya atəşlərini eşitmək mümkündür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xatırladaq ki, Ermənistan tərəfinin dünənki təxribatı nəticəsində Azərbaycan 3 şəhid verib, qarşı tərəfin də itkiləri var.
***
08.25 Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Eləcə də bax: “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi
FED.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.