Azərbaycanda Milli Qəhrəmanlara verilən prezident təqaüdü artırılıb. FED.az xəbər verir ki, prezident İlham Əliyev fevralın 20-də "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.
Fərman Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır.
Fərmanla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib. Xatırladaq ki, indiyədək bu məbləğ 1300 manat təşkil edirdi.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.