Noyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəlik barədə məlumat verib. O bildirib ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir.
Eləcə də bax: Əmək bazarında yeniliklər gözənilir - İŞÇİ QRUPUN İCLASI
Gündəlikdəki ilk iki məsələ barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur və bu da ötən illə müqayisədə 17 faiz, yəni, 697,4 milyon manat artım deməkdir. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur. Gələn il 64 min yeni iş yerinin açılması gözlənilir.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, palata bu iki məsələyə dair rəyini hazırlayaraq təqdim edib. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin ən böyük hissəsi məcburi sosial sığorta haqlarına aid olacaq. Palata sədri qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə uyğun olduğunu diqqətə çatdırıb.
İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov statistikanın müəyyən edilməsində tətbiq olunmuş yeniliklərdən və onların səmərəliliyindən danışıb.
Sonra İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumunu və ehtiyac meyarının həddini diqqətə çatdırıb. Bildirib ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib. Bu, yaşayış minimumunun ötən illə müqayisədə 5,5 faiz, ehtiyac meyarının həddinin isə 11,9 faiz artması deməkdir.
İclasda çıxış edən komitə üzvləri Araz Əlizadə, Elmira Axundova, İlham Məmmədov, Musa Quliyev, Sevinc Hüseynova, Aytən Mustafayeva və müvafiq qurumların nümayəndələri ölkəmizdə aparılan sosial islahatları yüksək qiymətləndirib, qanun layihələri barədə fikirlərini bildiriblər.
İclasın sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qaldırılan məsələlərə münasibətini bildirdikdən sonra gündəlikdəki bütün məsələlər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.