Sentyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
FED.az xəbər verir ki, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov iclası açaraq bildirib ki, gündəliyə “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.
Valeh Ələsgərov dəyişikliyin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş azad zona səlahiyyətli qurumu və onun idarə heyəti formalaşana qədər azad zona səlahiyyətli qurumun və idarə heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.
Qeyd edilib ki, azad iqtisadi zona ərazisində lazımi təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Düzəliş Ələt azad iqtisadi zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur.
Azərtac