Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi başlayıb.
FED.az xəbər verir ki, müzakirələrdə hökumətin iqtisadi bloku - Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Statistika Komitəsinin sədri Tahir Budaqov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayev, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və deputatlar iştirak edirlər.
Əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan sənəd daha sonra parlamentin digər komitələrində də müzakirə ediləcək. Hər halda komitənin sədri Tahir Mirkişili bildirib ki, təklif və sualları olan millət vəkillərinin suallarına gün ərzində növbəti iclaslarda aydınlıq gətiriləcək. Hazırda Milli Məclisin digər deputatları iclası onlayn izləyir.
Xatırladaq ki, büydcənin bu formada müzakirəsi ilk dəfədir. Bu həm də büdcənin sürətli qəbulu üçün nəzərdə tutulub. Çünki Qarabağda döyüşlərdən və Azərbaycan Ordusunun qələbəsindən sonra ölkə iqtisadiyfyatı və büdcə qarşısında yeni vəzifələr yaranıb. Nəticədə hələ sentyabrda təqdim edilmiş büdcə layihəsi dəyişdirələrk dekabrın sonunda yenidən müzakirəyə çıxarılıb.
Yeni layihəyə əsasən 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur ki, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.