Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.
Milli Məclisdən FED.az-a verilən məlumata görə, bəyanat 2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib.
Belə ki, sözügedən məktuba qol çəkən senatorlar beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazi bütövlüyünü təmin edən, Dağlıq Qarabağ münaqişəsini həll edən Azərbaycana dəstək verdiyi üçün Türkiyəni tənqid edirlər.
Olduqca qərəzli əsasda yazılmış məktuba cavab olaraq verilmiş Bəyanatda deyilir:
"2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktub ciddi təəccüb və təəssüfümüzə səbəb oldu. Bununla əlaqədar, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaraq aşağıdakıları bəyan edirik:
- Məktuba imza atan ABŞ senatorlarının böyük bir qismi heç vaxt Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə qədər işğal altında saxlayan Ermənistanı işğala son qoymağa çağırmamışlar.
- ABŞ senatorlarının əksəriyyəti işğal nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi ilə bağlı heç vaxt öz narahatçılıqlarını ifadə etməmişlər;
- ABŞ senatorlarının bir çoxu Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı qətliamları, müharibə cinayətlərini, xüsusilə bu günlərdə 29 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımını pisləməmişlər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapmışdır və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs vermişdir;
- Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq 44 günlük Vətən Müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etmiş və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etmişdir;
- Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başladılmış sülhə məcburetmə əməliyyatı istisnasız olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılmışdır;
- ABŞ senatorlarının öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı münaqişəni həll etdiyi üçün ittiham etməsi qəbuledilməzdir;
- Bu qəbildən olan bəyanat və açıqlamalar Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə xidmət etmir, əksinə Ermənistanda mövcud olan radikal və revanşist qüvvələri vəziyyəti yenidən gərginləşdirməyə həvəsləndirə bilər;
- Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Azərbaycanın haqlı mübarizəsinə siyasi və mənəvi dəstək verən Türkiyənin senatorlar tərəfindən tənqid olunması ədalətsizlikdir;
- İnsan hüquqları mövzusunun getdikcə daha çox siyasiləşdirilməsi ciddi narahatlıq doğurur;
- Senatorların suveren dövlət olan Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir;
- ABŞ Konqresinə qanunsuz olaraq girən etirazçıların “terrorçu” olaraq adlandırıldığı halda, 15 iyul 2016-cı ildə Türkiyədə demokratik yolla seçilmiş hökuməti hərbi yolla devirməyə çalışan bir hərəkatı dəstəkləmək və bu hərəkatı təmsil edən şəxsləri “insan haqları müdafiəçisi” olaraq təqdim etmək qərəzli yanaşmadır;
- Yerləşdiyi regionda çoxsaylı təhdidləri önləmək üçün özünümüdafiə hüququndan istifadə edən, ölkə daxilində və xaricində terrora qarşı mücadilə aparan, tarix boyu müxtəlif etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Türkiyəni hər hansı bir etnik qrupa qarşı mübarizədə günahlandırmaq cəhdləri iflasa məhkumdur;
- Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu, onun bu regionda sülh və iqtisadi inkişafa yönəlmiş fəaliyyətini yüksək qiymətləndiririk;
- ABŞ Senatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycan və Türkiyənin səylərini dəstəkləməyə və töhfə verməyə çağırırıq.