Azərbaycan Milli Məclisi İran parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işinə müdaxilə kimi qiymətləndirir.
FED.az verir ki, bu Azərbaycan Milli Məclisinin İran parlamentinə cavab Bəyanatında bildirilir.
“Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatıdır. Təəssüf ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmasına göz yuman, hətta təcavüzkara bir çox əməllərində dəstək verən İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən azad edildikdən sonra Azərbaycana qarşı açıq fəaliyyətə keçib.
Belə görünür ki, İran qüvvələrinin sərhəddə müntəzəm təlimlər keçirməsi, Azərbaycanın Tehran şəhərindəki səfirliyinə qarşı terror təxribatlarının həyata keçirilməsi, 10 minlərlə azərbaycanlının zorla qovulduğu Ermənistanın Qafan şəhərində İran konsulluğunun açılması, Təbrizdə Ermənistan baş konsulluğunun açılmasına razılıq verilməsi, Ermənistanla normallaşma mane olma cəhdləri və digər bədniyyətli əməllər eyni zəncirin həlqələridir.
İran xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdığı casus şəbəkəsinin ifşa edilməsi, Azərbaycanda yalan təbliğatla aldadılmış insanların radikal-dini ideyalar ətrafında birləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur. Azərbaycan dövlətinin İsraildə səfirlik açması müstəqil dövlət kimi suveren hüquqdur və bununla bağlı qəbul edilən bəyanatla irəli sürülən əsassız ittihamlar qəbuledilməzdir.
İsraildə Mərakeş, Çad, Bosniya-Herseqovina, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi müsəlman ölkələrin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana göstərdiyi qərəzli münasibətlərin şahidi olmayıb. Azərbaycan dövləti Fələstində də diplomatik nümayəndəlik açıb. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstərib, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini hər zaman dəstəkləyib və bu mövqeyini beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirib.
Azərbaycan Milli Məclisi İran tərəfini Azərbaycana qarşı müntəzəm xarakter alan əməllərini qətiyyətlə pisləyir və rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir”, - deyə bəyanatda vurğulanır.