Milli Məclisin üzvü Elşad Həsənovun deputat səlahiyyətinə xitam veriləcək.
FED.az xəbər verir ki, bu, onun icraedici orqanda vəzifəyə təyin edilməsi ilə əlaqədardır.
Eləcə də bax: Deputat icra başçısı oldu - SƏRƏNCAM
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla E.Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
O, 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.
Milli Məclisin hazırda 118 deputatı var. E.Həsənovun deputat səlahiyyətlərinə xitam verildikdən sonra Milli Məclis üzvlərinin sayı 117 olacaq.
Milli Məclis tam heyətdə 125 nəfərdən ibarətdir.
Xatırladaq ki, 14 saylı Xəzər seçki dairəsində deputat seçilən Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat deputat Astan Şahverdiyev 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat edib.
2018-ci ildə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.
Son olaraq isə sentyabr ayında adı külli miqdarda borc qalmaqalında və deputat vəsiqəsini girov qoymaqda çəkilən Rafael Cəbrayılov 46 saylı Şirvan seçki dairəsinin deputatı mandatından imtina edib və MSK onun səlahiyyətlərinə xitam verib.
Milli Məclisə növbəti seçkilər 2020-ci ildə keçiriləcək.
Report