Səfa Mirzəyev yenidən Milli Məclis Aparatının rəhbəri, Firudin Hacıyev yenidən Milli Məclisin İşlər müdiri təyin edilib.
FED.az "report"a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Qeyd edək ki, S.Mirzəyev 1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir çox elmi əsərlərin müəllifidir. Birinci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.
MDB Parlamentlərarası Assambleyasının “Birlik” ordeni və Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib. Rus və ingilis dillərini bilir.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1985-ci ildə universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilib. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olub.
1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilib, 2 ilə yaxın həmin vəzifədə çalışıb.
1992-ci ilin yanvar ayında Azərbaycana qayıtmış, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəridir.
1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olmuş, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 2 övladı var.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Aparatı buraxılmışdı.