Azərbaycan Milli Məclisində müzakirə ediləcək qanun layihələrinin parlamentin rəsmi internet səhifəsində dərci ilə bağlı problemlər xroniki xarakter almaqdadır.
FED.az xəbər verir ki, parlament yaz sessiyasında növbəti plenar iclasın vaxtını və gündəliyini açıqlasa da, burada müzakirə olunacaq qanun layihələrinin mətni hələ də ictimaiyyət üçün qapalıdır.
Belə ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, MM-in növbəti plenar iclası aprelin 12-də, yəni iki gün sonra keçiriləcək və burada 4 qanun layihəsi müzakirə olunacaq. Bunlar:
1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;
2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)..
Aprelin 12-də müzakirəyə çıxarılacaq qanun layihələrinin müxtəlif sahələri əhatə etməsinə və cəmiyyətin böyük maraq göstərdiyi mövzulara (qida təhlükəsizliyi, cinayət məcəlləsi və valyuta tənzimi) aid olsa da, onların mətni hələ də parlamentin rəsmi internet səhifəsində göstərilməyib.
Nəticədə ictimaiyyət, sözügedən sahənin təmsilçiləri, ekspertlər, yerli və xarici biznes və investorlar sözügedən dəyişikliklərin və yeniliklərin nədən ibarət olmasından xəbərsizdirlər.
Qeyd edək ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihələrinin və sənədlərin bütün dünyada qəbul edilmiş sivil qaydada - internet sayt vasitəsilə açıqlanması ilə bağlı problem ilk dəfə deyil. Hətta 2022-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər kimi mühüm yeniliklər – həmin sənədlərin qəbulundan 2 gün əvvələ qədər ictimaiyyətə açıqlanmamışdı.
Parlamentin rəsmi internet səhifəsində mühüm yeniliklərin, o cümlədən müzakirəyə çıxarılacaq qanun layihələrinin VAXTINDA açıqlanması və ictimaiyyətin bu sənədlərlə tanışlığı üçün şəraitin yaradılması digər dövlət qurumları kimi, Milli Məclisin də ictimaiyyət qarşısında öhdəliklərindən biridir.