Bu gün Milli Məclisin plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliyi nəzərdə tutan qanun layihəsinin müzakirəsi çərçivəsində millət vəkili Elnur Allahverdiyev tərəfindən alternativ hərbi xidmətə dair təklif səslənib.
Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişib - FƏRMAN
FED.az “Qafqazinfo” istinadən xəbər verir ki, millət vəkili büdcəyə vəsaitin daxil edilməsi müqabilində daha az müddətli hərbi xidmətin keçilməsi ilə bir sıra problem və ya çətinliklərin aradan qaldırılmasına nail olmanın mümkünlüyünü bildirib: “Təklifim ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları barədədir. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə, yəni Türkiyənin təcürbəsində də həyata keçirilir. Bildiyiniz kimi, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur. Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar”.
E. Allahverdiyevin fikrincə, belə bir dəyişiklik edilsə, bu, bir sıra problem, yaxud obyektiv çətinliklərin çözümündə öz müsbət rolunu oynaya bilər: “Burada ilk növbədə gənclərin təhsil probleminə diqqət yetirə bilərik. Azərbaycanda iki dəfə gənclərin dövlət hesabına xaricdə təhsil almalarını tənzimləyən proqram qəbul olunub. Bu, bizim dövlət siyasətimizdir, cənab Prezidentin təşəbbüsüdür ki, əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Gənclərin savadlı kadrlar olaraq yetişmələri hökumətin prioritetlərindən biridir. Təbii ki hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir. Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaq, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Düşünürəm ki, əgər belə bir dəyişiklik edilərsə, bu kimi gənclərimiz, misal üçün, 2 aylıq hərbi xidmət proqramını keçməklə təhsilini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu, həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər. Yəni dövlətin gənc nəslin təhsili üçün böyük vəsaitlər xərclədiyi bir reallıqda, hərbi xidmət bu ardıcıllığı müəyyən mənada pozmuş olur”.
Deputat hesab edir ki, hər bir gənc hərbi biliklərə yiyələnmək, vətəni qorumaq üçün hərbi bacarıqlara malik olmaq kimi vəzifənin daşıyıcısıdır. Əgər belə bir dəyişiklik həyata keçirilərsə, bütün ali məktəblərdə bir vaxtlar mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxa bilərik. Bu yolla təhsil dövründə tələbələrin hərb elmi ilə tanışlığı prosesi təşkil olunar.
“Orduya, hərbə cəmiyyətimizdə maraq olduqca güclüdür. Professional hərbi xidmətə meyl göstərən gənclərin sayı artır. Vətən müharibəsindəki qələbəmizlə əldə edilən ruh yüksəkliyi, vətənpərvərlik təbii ki bu prosesdə təkanverici qüvvə rolunda çıxış edib. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sonra Silahlı Qüvvələrimizdə köklü islahatlar həyata keçirilir. Qardaş Türkiyə ordusunun modelində komando tipli qoşun növləri formalaşdırılır. Bu, hərbi güc, qüdrət və peşəkarlıqla yanaşı, həm də mobillik deməkdir. Biz müharibədə qələbə çalmışıq və sülhə doğru gedirik. Düşünürəm ki, çevik, hazırlıqlı, mobil hərbi heyətin formalaşması həm müasir ordu baxımından, həm də büdcəyə qənaət nöqteyi-nəzərdən əlverişli olar. Ordumuzun professional, hərbçi peşəsini məşğuliyyət kimi qəbul edən vətəndaşlardan ibarət Silahlı Qüvvələrin formalaşdırılması yolunda mühüm addım sayıla bilər. Bu yenilik məşğulluq probleminin çözümünə də öz töhfəsini verər. Ödənişli və qısamüddətli hərbi xidmətdən əldə edilən büdcə gəlirləri isə, öz növbəsində, ordunun ehtiyaclarına, yaxud hərbi heyətin məvaciblərinin artırılmasına yönəldilər” - deyə millət vəkili vurğulayıb.