“Bu gün həmkarlarımla birlikdə Bakı İdman Sarayında Türkiyədə zəlzələdən zərər çəkmiş qardaş və bacılarımıza yardım məqsədilə təşkil edilən kampaniyanın gedişi ilə tanış olduq. Könüllülərimizə dəstək verdik, onları ruhlandırdıq. Sağolsun gənclərimiz, Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulub canla-başla vətəndaşlıq borcunu yerinə yetirirlər”.
“FED.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Abdullayev öz sosial şəbəkə hesabında yazıb.
Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım aksiyasına qoşulan deputat xalqın bu birliyini qürur mənbəyi adlandırıb:
“Xalqımızın belə mütəşəkkil surətdə, könüllü, səmimi şəkildə bu ümummilli aksiyaya qoşulması hər bizimizi fərəhləndirir. Bu birlik bizim qürur mənbəyimizdir”.
“Aksiya təşkilatçıları ilə söhbət etdik, prosesin gedişatını izlədik, yardımlarımızı çatdırdıq. İdman sarayının zalı son iki gündə dəfələrlə dolub-boşalıb. Gətirilən yardımlar xüsusi yoxlanışdan sonra səliqəli formada təyinatı üzrə qutulara yerləşdirilir və qardaş Türkiyəyə göndərilir. Əminəm ki, Türkiyə bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq. Türkiyənin acısı acımız, sevinci sevincimizdir!”, - millət vəkili əlavə edib.