Astarada karantin rejiminin tələblərini pozan çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan FED.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.
Obyektə baxış keçirilən zaman orada həmçinin mərc oyununun təşkil olunduğu da müəyyən edilib. Həmin obyektin sahibi A.Bayramov və 9 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Həmin şəxslər barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.