Rusiya Silahlı Qüvvələrinin hücumları nəticəsində Xarkov nəhəng dağıntılarla üz-üzədir.
FED.az xəbər verir ki, bu barədə Ukraynanın Xarkov şəhərinin meri İqor Terexov bildirib.
Onun sözlərinə görə, bu dağıntıların vurduğu ümumi ziyan təxminən 10 milyard avro dəyərindədir:
"Şəhərimizdə hər gün partlayışlar olur, hər gün dağıntılar baş verir. Təəssüf ki, həlak olan, yaralanan insanlar var. Biz nəhəng dağıntılarla üz-üzəyik. Şəhərin bərpası üçün daha çox vəsait lazım olacaq. Amma heç kim insan həyatını, atəş altına düşən, yaralanan şəxslərin sağlamlığını qaytara bilməz".
Mer vurğulayıb ki, əsasən mülki obyektlər atəşə tutulur. O, statistikaya istinad edərək bildirib ki, üç ildə Xarkovda 12 mindən çox mülki obyekt dağıdılıb və ya zədələnib.
"Bunlardan 9,5 mini yalnız yaşayış evidir. Onların yarısı fərdi, yarısı da çoxmərtəbəli binalardır. Xarkov şəhərinin 160 min sakini öz evindən məhrum olub", - deyə Terexov əlavə edib.
Qeyd edək ki, son günlər Rusiya qüvvələri Ukraynanın Xarkov şəhərinə raket atışlarını intensivləşdirib. İyulun 29-da baş tutan hücum nəticəsində beş mülki şəxs həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Həmin gün edilən hücumda reaktiv yaylım atəşi sistemlərindən istifadə edilib (Report).