«Məmurlar bu maşınlarda gəzməlidir» – PREZİDENTDƏN TAPŞIRIQ
22:129 Aprel 2018
Neftçala Sənaye Məhəlləsində istehsal olunan avtomobillərin əsas alıcılarından biri dövlət qurumları olmalıdır. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib. Dövlət başçısının sözlərinə görə, sənaye məhəlləsində ildə 10 min avtomobil istehsal edəcək və 300-dən çox insan işlə təmin ediləcək: «Zavodda həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər». Eləcə də bax: Azərbaycan-İran birgə avtomobilləri belə olacaq - FOTO
İlham Əliyevin sözlərinə görə, bu ilin birinci rübündə xaricdən alınaraq ölkəyə gətirilən avtomobillərin sayı kəskin artıb. Dövlət başçısı bildirib ki, bu bir tərəfdən əhalinin gəlirlərinin artmasının göstəricisidir, digər tərəfdən, həmin maşınlara görə ölkədən böyük həcmdə valyuta çıxır və bunun qarşısı alınmalıdır: «Bu (yəni idxal olunan maşınların artması), əlbəttə, iqtisadi canlanmanın təzahürüdür, onu göstərir ki, vətəndaşlarda indi əlavə maliyyə imkanları yaranıbdır, kəskin artıbdır. Bu, özlüyündə müsbət göstəricidir, ancaq bu, o deməkdir ki, valyutamızın xaricə köçürülməsi də kəskin artıbdır. Ona görə, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır. Əminəm, vətəndaşlar da görəcəklər ki, bu avtomobillər yüksək standartlara cavab verir və qiymət də xaricdən gətirilən avtomobillərlə müqayisədə daha münasibdir». Eləcə də bax: “Ehtiyac olsa, xarici avtomobillərə rüsumu artaracağıq”
Xatırladaq ki, Azərbaycan-İran sərmayəsi ilə qurulan Neftçala Avtomobil Zavodunda «Xəzər» brendi ilə bir neçə çeşiddə avtomobillərin istehsalı nəzərdə tutulub, onların qiyməti 14-16 min manat arasında dəyişir.