Azərbaycan Prezidenti İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.
FED.az xəbər verir ki, "Konstitusiya Məhkəməsi haqqında" qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manat olacaq. Hazırda bu rəqəm 2 120 manatdır.
Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni 2 101 manata qaldırılacaq.
Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni 1 985 manat olacaq.
"Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən isə, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş veriləcək.
Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı veriləcək.
Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur.
Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.
Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilib.
Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.