Oktyabrın 5-də Fransa Milli Assambleyasının ermənipərəst üzvünün Azərbaycana qarşı ittiham dolu və Ermənistana daha çox dəstək göstərilməsi ilə bağlı sualını cavablandıran Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna erməni xalqı ilə həmrəy olduqlarını səsləndirib və Azərbaycanla bağlı tamamilə əsassız çağırışlar edib.
FED.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa xarici işlər nazirinin söylədiklərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ilk dəfə deyil ki, Fransa rəsmiləri tərəfindən birtərəfli və ermənipərəst mövqe nümayiş etdirilir. Nazir Kolonnanın Ermənistan tərəfinin bu günədək törətdiyi çoxsaylı müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı heç bir çağırış etməməsi də diqqətdən yayınmır.
“Təəssüf ki, son 30 ildə Fransa rəsmiləri tərəfindən Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı bir dənə də olsun çağırış edilməyib. Səbəbi bizə bəllidir, lakin yaxşı olardı ki, Avropanın aparıcı qüvvəsi olan, beynəlxalq hüququn prinsiplərinin keşikçisi qismində çıxış edən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi olmaq istəyən bir ölkənin rəsmisi neytral, qərəzsiz və ədaləti mövqedən çıxış etsin.
Ümumiyyətlə, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə töhfə vermək səyləri fonunda nazir K.Kolonnanın birtərəfli və məsuliyyətsiz bəyanatı anlaşılmazlıq doğurur.
Onu da bildirmək istərdik ki, bir neçə gündən sonra 2 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasının və onlarla dinc insanın həyatına son qoyulmasının ikinci ildönümü olacaq. Bu hərbi cinayətə görə Ermənistan tərəfindən bu günədək heç kim məsuliyyətə cəlb edilməyib. Fransa xarici işlər nazirini bu məsələ ilə bağlı Ermənistan tərəfinə çağırış etməyə dəvət edirik”, - deyə Leyla Abdullayeva vurğulayıb.