Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 100,847 mln. manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,3% çoxdur.
Hesabat dövründə “Azərpoçt”un cəmi kapitalı 1,05% artaraq 55,403 mln. manata, cəmi öhdəlikləri isə 36,2% artaraq 45,444 mln. manata çatıb.
2016-cı ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 40,014 mln. manat (2015-ci ilə nisbətən 21,4% çox), xidmətlərinin maya dəyəri 24,031 mln. manat (7,75% az), sair əməliyyat gəlirləri 2,787 mln. manat (25,4% az), əməliyyat xərcləri 13,318 mln. manat (27,5% çox), borclar istisna olmaqla xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 611 min manat (75,75% az), maliyyə xərcləri 2,039 mln. manat (73,9% az) təşkil edib. Son nəticədə, ötən il milli poçt operatorunun vergiöncəsi mənfəəti 4,025 mln. manat olub (əvvəlki il – 5,075 mln. manat zərər olub).
2016-cı ildə “Azərpoçt” mənfəət vergisi xərclərinə 570 min manat qənaət edib və ili 4 milyon 596 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2015-ci ildən 6,094 mln. manat xalis zərərlə çıxıb.
Xatırladaq ki, “Azərpoçt” MMC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,345 mln. manatdır.
© Report