Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdirilib.
FED.az xəbər verir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir.
Komissiya 15 nəfər üzvdən ibarət olur. 5 üzvü Azərbaycan Prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi təyin edir.
Yeni çağırış Milli Məclisin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Qərara əsasən bu siyahıya Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxil edilib.
Bundan əlavə, Konstitusiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarı ilə Baş prokuror Kamran Əliyev Komissiyaya üzv təyin edilməklə həmin dövlət orqanı tərəfindən təyin olunan 5 üzvün siyahısı tamamlanıb. Onunla yanaşı, bu siyahıya Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının Sədri Fikrət Məmmədov, Ali Məhkəməsinin Sədri Ramiz Rzayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sədri Anar Bağırov daxildirlər.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər təyin ediliblər:
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasında seçiləcək.