Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
FED.az xəbər verir ki, bu gün prezident Kəlbəcər rayonuna səfəri zamanı digər layihələrlə yanaşı İstisu sanatoriyasının da təməlini qoyub.
İlham Əliyev Laçın və Kəlbəcərdə! – YENİ OBYEKTLƏRİN TƏMƏLİ QOYULUB
Xatırladaq ki, Kəlbəcər rayonu resurs potensialına görə Azərbaycanın ən zəngin rayonu hesab edilir.
Əhalinin sağlamlığının və onların istirahətinin təşkil edilməsi üçün bu rayona dünya şöhrəti qazandırmış 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları gündə 3 093 kubmetr olan termal və mineral su yataqları mövcuddur. Keçmiş Sovetlər dövründə göstərilən sanatoriya kompleksində hər il keçmiş SSRİ-nin müxtəlif bölgələrindən mövsüm ərzində 50 min nəfərdən çox insan öz sağlamlıqlarını bərpa edirmişlər.
Qeyd edək ki, «İstisu» sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. Sonralar bu məsələ Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun şəxsi diqqət mərkəzində olmuşdur. 1928-ci ildə isə bu kompleksin ittifaq əhəmiyyəti nəzərə alınaraq, İstisu sanatoriyasının tikilməsi, bura yolların çəkilməsi haqqında sovetlərın qurultayında məsələ qaldırılmış, M.C. Bağırovun məruzəsində buna xeyli yer ayrılmışdır. Keçən əsrin 30-cu illərinin sonlarında M.C.Bağırovun özü İstisuda olmuş, tikintinin gedişi ilə yaxından maraqlanmışdır.
Bakı Dövlət Universitetinin professorları Neron Babaxanov və İsmayıl Əliyevin təqdim etdiyi faktlarac əsasən «İstisu»da keçən əsrin 80-cı illərində sutkada 3 min litr mineral su doldurma zavodu tikilib istifadəyə verilmişdir. Ancaq o dövrdə çıxan suyun cəmı 10 faizindən istifadə edilirdi. Çox əfsuslar olsun ki, 3 aprel 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan qəsbkarları tərəfindən işğal olunandan sonra sanatoriya kompleksi darmadağın edilmişdir. 1997-ci ildən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını öz brendləri kimi «Cermuk» suyu adı ilə Avropa ölkələrinə, o cümlədən ABŞ-a yüksək qiymətə satıb, milyonlarla valyuta qazanmışlar.
«İstisu» kompleksi ilə rayon mərkəzi arasında məsafə 25 km olub, dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşir. «İstisu»yun mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. «İstisu» mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibi, karbon qazı, hidrokarbonat-xlorid-sulfat-natrium ionlarından tərkibinə və böyük ehtiyatlarına görə xüsusilə fərqlənir.
«İstisu» dünya əhəmiyyətli müalicəvi mineral suyu bır çox xəstəliklərin dərmanıdır. Həzm sistemi, qaraciyər, öd kisəsi, həmçinin maddələr mübadiləsinin pozulmasından yaranan xəstəliklərin müalicəsində istifadə olunur. Sovetlər dövründə «İstisu» sanatoriyasında dəfələrlə istirahət edən və müalicə kursu keçən t.e.n, dos. Saday Zeynalov söyləyir ki, İstisuyun müalicəvi təsir qüvvəsi dünyada mövcud olan bir-çox müalicəvi suların təsir qüvvəsindən yüksəkdir. Qastritin, mədə yarasının, öd kisəsinin, qara ciyər iltihabi xstəliklərinin, oynaq xəstəliklərinin və s. müalicəsində Kəlbəcərin İstisuyu çox faydalıdır.
Kimyəvi tərkibinə görə «İstisu» dünyada ən mühüm əhəmiyyətə malikdir. Bir litr suda minerallarin cəmi miqdarı 7 qrama çatır. «İstisu» sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Bu bulaqlardan biri 8-10 metrədək hündürlükdə fəvvarə vurur. Yüksək radioaktivlk, böyük miqdarda karbon 2-oksidin miqdari, 60°C temperaturda olması, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balneoloji təsirini artırır. Belə tərkibli suya yer üzündə nadir hallarda rast gəlinir. Məşhur kimyaçı alim E.E. Karstenskiy vaxtı ilə Kəlbəcərin ərazisindəki termal və mineral suları tədqiq etdikdən sonra «İstisu»yun müalicəvi əhəmiyyətinin Karlovı Varıdan daha yüksək olmasını qeyd etmiş və bu suların dünya üçün əhəmiyyətli su olduğunu göstərmişdir. Bu sularla insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.
Karlovı Varı sularının müalicəsinin əsasını soyuq və isti bulaqlar (30-60oC) təşkil edir. Termal bulaqların kimyəvi tərkibi eynidir, amma xəstələr həkim məsləhəti ilə xəstəliklərindən asılı olaraq suyu müxtəlif temperaturlarda qəbul edirlər.
İnsan bədəninin 70 faizi, beynin isə 80 faizi sudan ibarət olmasına görə, suyu içdiyimiz zaman bütün bədən təmizlənir. Həkimlərin əsas tövsiyələrinə görə içilən termal su mədəaltı vəzı, qaraciyər və s. kimi daxili orqanları təmizləyir, xolesterol və yağların konsentrasiyasını azaldır və hər şeydən əvvəl mexaniki olaraq orqanizmin bütün zərərli bakteriyalarını təmizləyir.
«İstisu» sanatoriya kompleksinin əhalinin sağlamlığının və istirahətinin təşkilində əhəmiyyətini nəzərə alaraq Kəlbəcər rayonunda ilkin olaraq «İstisu» kompleksinin yenidən bərpa edilməsi Azərbaycan Respublikası üçün ən önəmli məsələlərdən biri kimi həyata keçirilməlidir. Burada «İstisu»yun suyunun yenidən qablaşdırılaraq Respublikanın bütün bölgələrinə və xarici ölkələrə ixrac etməklə Azərbaycan hər il milyonlarla valyuta əldə edə bilər.