Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti məhdud məsuliyyətli cəmiiyyət (MMC) təşkilati formasına üstünlük verirlər. Geniş yayılmasına baxmayaraq bu idarəetmə forması ilə bağlı suallar hələ də qalır və bunlardan biri müəssisənin kassasından çıxarılaraq təsisçiyə verilən vəsaitin nə hesab edilməsi və bundan verginin necə tutulması ilə bağlıdır. Vergilər Nazirliyi bu barədə verilən suala cavabla meseleye aydınlıq gətirib.
Eləcə də bax: Nazirlik kassadan yayınan obyektləri açıqladı - SİYAHI
Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?
Sual: Təsisçiyə kassadan müəyyən zamanlarda kassadan pul verilirsə, bu dividend kimi nəzərdə tutula bilərmi? Bu məbləğdən həmin andaca dividend faizi büdcəyə ödənməlidirmi? Ümumiyyətlə dividenddən 10 faiz vergi nə vaxt ödənilir və hesabatı barədə məlumat verərdiz.
Cavab: Bildiririk ki, dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Göründüyü kimi dividend müəyyən zamanlarda deyil, müəssisə tərəfindən xalis mənfəət hesablandıqdan sonra (yəni ümumi gəlirdən xərclər çıxılıb, mənfəət vergisi ödənildikdən sonra) ödənilir. Rezident müəssisə tərəfindən dividend ödənilərkən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödənilmiş həmin divivdendlər “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan edilir. Onu da qeyd edək ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnaməsində müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.
Bununla belə xatırladırıq ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən isə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər.
Bax: Vergi Məcəlləsinin 13.2.15-ci, 14-cü və 122.1-ci maddələri, Mülki Məcəllənin 90.1-ci və 106-3.2-ci maddələri.
Mənbə: taxes.gov.az