"Bu gün bu paraflanma Ağ Evdə baş tutur".
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
“Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişiləndə Ermənistan tərəfi özü bunu bildirir ki, Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə ABŞ-a hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar tərəfindən, o cümlədən ABŞ-da anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllin tapmalıdır. Bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki vaxt itirmək, məncə, lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir"-deyə, dövlət başçısı bildirib.