Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.
FED.az xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir.
Xatırladaq ki, Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır.
Dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tuneli burada inşa edilir.
Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.
Uzunluğu 23,4 kilometr olacaq Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir. Layihə üzrə tikiləcək tunellərin ümumi uzunluğu isə 26 kilometrdir.
Bundan əlavə, yol oxu çətin relyef və çay yatağı boyu davam etdiyi üçün yamacbərkitmə işləri, istinad divarları və mühəndisi qurğuların inşası nəzərdə tutulub.