Müharibənin başa çatmasına və Azərbğaycanın qalib olmasına baxmayaraq, Azərbaycan tarixi yaddan çıxarmamalı və həmişə müharibəyə hazır olmalıdır.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün avqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin sakinlərlə görüşdə bildirib ki, müharibənin başa çatmasına baxmayaraq Azərbaycan həmişə mümkün olan təhlükə mənbələrini izləyir və Silahlı Qüvvələri gücləndirməkdə davam edir.
İlham Əliyev bildirib ki, müharibə başa çatsa da, Azərbaycana qarşı edilən cinayətlər yaddan çıxmamalıdır: «Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq».
Dövlət başçısı bildirib ki, mübaribə başa çatsa da, ölkə rəhbərliyi mümkün təhlükə mənbələrini izləyir və Silahlı Qüvvələrin gücləndirilməsini davam etdirir: «Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb».
Bundan başqa, Azərbaycan müasir hərbi texnikalar almaqda davam edir: «Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib».
İlham Əliyevin sözlərinə görə, dünyadakı qeyri-müəyyənlikləri nəzərə alanda hər an müharibə təhlükəsi baş verə bilər: «Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq».