Prezident İlham Əliyev “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərman əhaliyə, o cümlədən sahibkarlara göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, özünəxidmət imkanlarının dəstəklənməsi və genişləndirilməsi, sahibkarlara kreditlərin verilməsi zamanı vətəndaşların texnoloji biliklərinin daha da artırılması və coğrafi yerləşmə amillərinin təsirinin azaldılması, nəhayət, dövlət-vətəndaş və dövlət-sahibkar qarşılıqlı əlaqələrinin effektiv və az məsrəflə idarə edilməsi məqsədi daşıyır.
Fərmanda bildirilir ki, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanına uyğun olaraq, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə görülən əməliyyatların avtomatlaşdırılması məqsədilə müvafiq beynəlxalq təcrübə nəzərə alınmaqla “Elektron ipoteka” sistemi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli fərmanı ilə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edildikdən sonra ipoteka kreditləşməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim edilməsinə nail olunmuşdur. Bundan başqa, ipoteka kreditləşməsi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması çərçivəsində “Elektron ipoteka” sistemi “Elektron hökumət” portalına inteqrasiya olunmuş və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilib.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) yaradılması və Fondun Nizamnaməsinə uyğun olaraq Fondun qarşısına yeni vəzifələrin qoyulması “Elektron ipoteka” sisteminin yenilənməsini zəruri edir.
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə” təsdiq edilib.
“Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1833; 2017, № 8, maddə 1521) ləğv edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron ipoteka və kredit zəmanət” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət və qeyri-dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etməlidir.
Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Dövlət İmtahan Mərkəzinə tapşırılıb ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin fəaliyyətinin təşkili üçün Fonda kömək etsinlər.
Fond bu fərmandan irəli gələn məsələləri həll etməlidir.