Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin 19 avqust 2020-ci il tarixli sərəncamı ilə Mətin Eynullayev yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin olunub.
FED.az-ın əldə etdiyi məlumata görə, Mətin Eynullayev bu vəzifəni (yəni holdinqə sədrliyi) ictimai əsaslarla həyata keçirəcək. O, hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini-rəis vəzifəsinin icraçısıdır və bu vəzifədə fəaliyyətini davam etdirəcək.
Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə görə, Holdinqin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
İdarə Heyəti 5 üzvdən – sədrdən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvlərindən biri, eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinin idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir. Baş icraçı direktor Holdinqin cari fəaliyyətinə rəhbərlik edir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə yaradılıb.
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Baş Nazir, üzvləri isə prezidentin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, eləcə də İqtisadiyyat və Maliyyə nazirləridir.