2019-cu ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 731 minə çatıb, onlardan 384 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.
FED.az-ın xəbərinə bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev məlumat verib.
Eləcə də bax:Azərbaycanda bu məhkəmələr ləğv edildi - SİYAHI
Məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə çıxış edən idarə rəisi deyib ki, görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50 faizdən artıq – 300 milyon manatdan çox vəsait ödətdirilib.
"İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.954 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.421 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 301 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb ki, bu da ötən dövrlərlə müqayisədə 4 dəfə çoxdur".
N.Mustafaytev əlavə edib ki, belə məhdudlaşdırmanın olub-olmamasını öyrənmək məqsədilə nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-ci ilin birinci yarımilində də artaraq 1 milyona yaxın olub.