Prezident İlham Əliyev əhalini qeyri-rəsmi maaşlardan çəkinməyə çağırıb. Bu barədə o yeni təyin etdiyi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə bildirib. Dövlət başçısı bildirib ki, qeyri-rəmi ödənişlər vətəndaşlara gələcəkdə pensiyaya çıxanda və 2020-ci ildə işə düşəcək icbari tibbi sığortada problem yarada bilər.
Ölkədə aparılan islahatlar, xüsusilə də iqtisadiyyatın şəffaılaşması ilə bağlı işlər yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Bu, o deməkdir ki, bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq?
Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın.
Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir».