Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun nümayəndələri 2019-cu il noyabrın 11-də qəzalı vəziyyətdə olan binaya baxış keçirib və sakinlərlə görüşüblər. Həmin vaxt binanın qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilib. Sakinlər dərhal kirayə mənzillərə yerləşdirilib, 2019-cu ilin dekabr ayından etibarən 8 ay ərzində inşaat işləri aparılıb.
Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binadakı mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.
Sakinlər onlar üçün yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.