Prezident İlham Əliyev ilk dəfə olaraq dövlət satınalmaları və tender prosesi barədə fikirlərini bölüşüb.
Eləcə də bax: 10 manatlıq şirkətlər milyonluq tenderləri - NECƏ QAZANIR? – MƏQALƏ
FED.az xəbər verir ki, bu iyulun 23-də İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə baş verib. Videoformatda keçirilən müşavirədə ölkənin su təsərrüfatındakı problemlər və su təchizatının yaxşılaşdırılması üçün tələb olunan işlər müzakirə edilib.
Prezident bildirib ki, bu işlər böyük vəsait tələb edir, ona görə də xərclər smetasina dəqiq baxmaq lazımdır: «Ona görə hökumət və aidiyyəti qurumlar, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, digər qurumlar xərclər smetasına çox dəqiqliklə baxmalıdırlar. Qətiyyən imkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin».
İlham Əliyev xatırladıb ki, icra ediləcək bütün layihələr açıq tender əsasında görülməlidir. Dövlət başçısı tenderlərdə baş verən xoşagəlməz hallara da toxunub: «Çünki bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir. Əlbəttə, elə layihələr var ki, bunu ancaq təcrübəsi olan və böyük layihələrdə iştirak edən şirkətlər icra edə bilər. Bu, təbiidir. Ancaq bu layihələrlə bağlı bir çox sahələrdə kiçik, orta həcmli, o qədər də böyük peşəkarlıq, kvalifikasiya tələb etməyən layihələr də olacaqdır, kontraktlar da olacaqdır. Ona görə yerli sahibkarlar da hazır olsunlar. Çünki biz doğrudan da böyük infrastruktur layihələrinin icrasını davam etdirəcəyik. Ona görə ictimai nəzarət təmin edilməlidir, smetalara, xərc smetalarına çox ciddi dövlət nəzarəti də olmalıdır».