İlham Əliyev: «Tələm-tələsik bina tikib, sənədləşdirirdilər, qalırdıq fakt qarşısında».
Bakıda bütün binalar şəhərsalma qaydalarına uyğun tikilməlidir.
Eləcə də bax: İlham Əliyev: "Komitənin rəyi olmadan bir dənə də - BİNA TİKİLƏ BİLMƏZ"
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Şəhərsalma və Arxitektura Komitəsinin yeni təyin edilmiş sədri Anar Quliyevi qəbul edərkən bildirib.
Dövlət başçısı bildirib ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu: «Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi».
Eləcə də bax: “Vaxtında tikintiyə düzgün icazə alardılar” – BAKIDA TİKİNTİLƏR NİYƏ DAYANIB?
İ.Əliyev bildirib ki, həmin binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. Amma son vaxtlar vəziyyət dəyişib: «Son vaxtlar mənim göstərişimlə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanmışdır. Bunu iş adamları da nəzərə almalıdırlar».
Dövlət başçısı bildirib ki, bundan sonra qanunsuz bina tikilməsinə yol verilməyəcək: «Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir».
Prezident xatırladıb ki, bu məsələlərə nəzarət etmək üçün komitənin kifayət qədər səlahiyyəti var: «Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər».
İlham Əliyev Komitə sədrinə bu sahədə ciddi nəzarət sistemi qurmağı tapşırıb: «Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq».