Prezident İlham Əliyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub.
FED.az xəbər verir ki, prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı, hərbi əməliyyatlar nəticəsində Suqovuşan qəsəbəsində 16 fərdi ev qismən yararsız vəziyyətə düşüb. Bu evlərdən biri əsaslı təmir olunub.
Təmir olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir. Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2 sanitar qovşağından ibarətdir. Tikinti altında olan sahə isə 148 kvadratmetr təşkil edir. Fasadın əsas hissəsi dekorativ təbii daşla üzlənib ki, bu da evin və yerləşdiyi ərazinin ahəngini tamamlayır. Fasadın qalan hissəsində isə suyadavamlı boya materialından istifadə olunub. Evin damı metal kirəmitlə örtülüb, terrasa keramika döşənib, tavanı isə taxta materialdan hazırlanıb.
Evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunub. Həyətyanı sahə abadlaşdırılıb, ərazidə ağaclar əkilib. Fərdi evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilib, yola asfalt örtüyü döşənib.
Fərdi evdə yaradılan şəraitlə tanış olan prezident və xanımı ərazinin gözəl havasını xüsusi qeyd edib: «Buranın havası kurort havasıdır» deyə prezident bildirib.