Naftalan şəhərinin ümumi inkişafı sürətlə gedir. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışnda bildirib.
"Mən Prezident kimi Naftalan şəhərinə ilk dəfə olaraq on il bundan əvvəl gəlmişdim. O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi. Siz bunu yaxşı bilirsiniz. O vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər var idi, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi. Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi.
Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. İlk növbədə, biz ağır vəziyyətdə, yarıdağılmış sanatoriyalarda məskunlaşmış köçkünləri gərək yeni evlərə köçürəydik, bunu etdik. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub.
İnfrastruktur layihələri icra edilməyə başlandı. Elektrik enerjisi ilə təchizat təmin edildi. Bu gün bu məsələ ilə bağlı heç bir problem yoxdur. Təbii qaz indi Naftalanda yüz faiz təmin edilir. Əhalinin yüz faizi təbii qaza malikdir. Naftalanda içməli su layihəsi beş il bundan əvvəl mənim iştirakımla istismara verilmişdir. Yollar salındı, digər infrastruktur layihələri icra edildi, məktəblər əsaslı şəkildə təmir olundu.
Yəni, Naftalanda infrastruktur layihələri ilə bağlı olan bütün məsələlər kompleks şəkildə öz həlli tapdı. O cümlədən şəhərin abadlaşdırılması işlərinə vəsait ayrıldı, parklar salındı, icra hakimiyyətinin yeni binası, Heydər Əliyev Mərkəzi tikildi və Naftalanın əvvəlki şöhrəti özünə qaytarıldı"-deyə İlham Əliyev bildirib.