Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan ərazilərində olan dinim abidələri dağıdan, onları murdarlayan Ermənistanı dövlətinə dost ölkə adlandıran bəzi müsəlman ölkələrinə qarşı kəskin açıqlamalar verib.
FED.az xəbər verir ki, Şuşa və Füzuliyə səfəri edən dövlət başçısı belə ölkələri riyakarlıqda ittiham edib.
Ağdam Cümə məscidinin və Şuşa şəhərindəki məscidlərin bərpa ediləcəyini bildirən prezident deyib ki, məscidlərin minarənin dağıdılması düşmənin islamofob xislətini (islama nifrətini – FED.az) göstərir.
Onun sözlərinə görə, Ermənistan müsəlman ölkələri ilə münasibətlər qurmağa, özünü müsəlmanlara dost kimi göstərməyə çalışır: «Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox».
Dövlət başçısı belə hallar ola-ola Ermənistanla dost kimi davranan müsəlman ölkələrini riyakarlıqda, ikiüzlülükdə ittiham edib: «Müsəlman ölkələrinin liderlərinə müraciət edərək deyirdim ki, Ermənistan, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy, onların xalqları buna cavab versinlər».
Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün dinlərin məbədləri qorunur və qorunacaq, bu həmişə belə olub: «Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər?».
Dövlət başçısı beynəlxalq təşkilatları da erməni vəhşiliklərinə şahid olmağa çağırıb: «Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi».
Qeyd edək ki, Şuşa şəhəri işğal altında olan dövrdə Ermənistan tərəfi bir İran şirkəti ilə birlikdə Gövhərağa məscidini təmiri edib. Prezident bildirib ki, bu sadəcə görüntü yaratmaq üçün idi: «Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir».
Prezident təmirdə iştirak edən müsəlman ölkəsinin şirkətini də riyakarlıqda ittiham edib: «Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb».